Sağlam Düşüncə Gənclər Təşkilatı Sumqayıt məktəblilərinin intellektual inkişafına və gənclərin potensialının üzə çıxarılmasına yönəlmiş növbəti uğurlu layihəsini yekunlaşdırıb. SDGT və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin təşkilatçılığı, Abşeron-Xızı Regional Təhsil İdarəsi və Lider Hazırlıq Kurslarının dəstəyi ilə Sumqayıt şəhərində keçirilən “Məktəblilərarası HedaCore JR Çempionatı – Yaz mövsümü 2026” Sumqayıt şəhərində məktəblilər üçün bilik, məntiq və komanda işini bir araya gətirən unikal intellektual yarış oldu.


Yarış çərçivəsində Sumqayıtdan 7–10-cu sinif şagirdlərindən ibarət 40 komanda və 250-dən çox məktəbli bir araya gəlib. İki seçim mərhələsi, yarımfinal və gərgin keçən final mərhələlərindən sonra çempionatın qalibləri müəyyən olunub:
1-ci yer – “Zəka” komandası
2-ci yer – “Everbest” komandası
3-cü yer – “İstedad” komandası
Qalib komandalar kubok, medallar və Lider Hazırlıq Kursları tərəfindən xüsusi dəyərli hədiyyələrlə təltif olunublar.

Sağlam Düşüncə Gənclər Təşkilatının missiyasına uyğun olaraq, HedaCore sadəcə klassik bilik yarışı deyil, məktəblilərə real həyatda ehtiyac duyacaqları bacarıqları qazandıran unikal intellektual platformadır. Fərqli formatda hazırlanmış oyun raundları vasitəsilə iştirakçılar sürətli və analitik düşünmə, böhran vəziyyətlərində düzgün qərarvermə, komanda daxilində effektiv əməkdaşlıq və strateji planlaşdırma bacarıqlarını inkişaf etdirirlər.
Sağlam Düşüncə Gənclər Təşkilatı bu layihə ilə gənclərin və yeniyetmələrin qeyri-formal təhsil metodları vasitəsilə inkişafına, onların asudə vaxtının səmərəli təşkilinə və intellektual gənclik şəbəkəsinin gücləndirilməsinə növbəti dəfə böyük töhfə vermiş oldu. Təşkilat gənclərin fərdi və peşəkar bacarıqlarının artırılması istiqamətində bu növ innovativ təşəbbüsləri davamlı olaraq dəstəkləməkdə qərarlıdır.




HedaCore JR çempionatı boyunca iştirak edən bütün şagirdlərə, müəllimlərə, valideynlərə, tərəfdaşlarımıza və dəstəkçilərimizə təşəkkür edirik. Gənclərin bilik və bacarıqlarının inkişafına töhfə verən bu təşəbbüsün növbəti mövsümlərdə daha böyük auditoriyanı əhatə etməsini səbirsizliklə gözləyirik.
