Ekoloji Maarifləndirmə
Ətraf mühitin qorunması və ekoloji məsuliyyətin artırılması təşkilatımızın əsas fəaliyyət istiqamətlərindən biridir. Ekoloji problemlərin həlli yalnız institusional tədbirlərlə deyil, həm də cəmiyyətin, xüsusilə gənclərin ekoloji bilik və davranışlarının inkişafı ilə mümkündür. Məhz buna görə gənclər və yeniyetmələr arasında ekoloji şüurun formalaşdırılması, maarifləndirmə və ətraf mühitə qarşı məsuliyyət hissinin gücləndirilməsi istiqamətində uzunmüddətli fəaliyyətlər həyata keçiririk.
2012-ci ildən fəaliyyət göstərən “Yaşıl Düşüncə” komandası vasitəsilə xüsusilə Sumqayıt şəhərində ekoloji maarifləndirmə işlərinin genişləndirilməsinə töhfə veririk. Plastik tullantıların azaldılması, təkrar emal mədəniyyətinin təşviqi, ağacəkmə və iməcilik aksiyaları, ekoloji düşərgələr, məktəblərdə fəaliyyət göstərən eko-klublar və qeyri-formal təhsil proqramları vasitəsilə gənclərin ekoloji bilik və bacarıqlarının inkişafını dəstəkləyirik.
Fəaliyyətlərimizin əsas məqsədi gənclərdə ekoloji məsuliyyət hissini gücləndirmək, onları ətraf mühitin qorunmasında fəal iştirak etməyə təşviq etmək və yaşadıqları şəhərin, ölkənin və planetin gələcəyinə töhfə verən məsuliyyətli vətəndaşlar kimi yetişdirməkdir.
Komanda daxili fəaliyyət istiqamətləri:
- Gənclər və yeniyetmələr arasında ekoloji şüur və məsuliyyət hissini formalaşdırmaq;
- Ətraf mühitin qorunması, təkrar emal və tullantıların düzgün idarə olunması barədə maarifləndirmə fəaliyyətləri həyata keçirmək;
- İməcilik, ağacəkmə aksiyaları və digər ekoloji təşəbbüslər vasitəsilə ictimai fəallığı təşviq etmək;
- Qeyri-formal təhsil metodlarından istifadə etməklə məktəblilər və gənclərin ekoloji bilik və bacarıqlarını inkişaf etdirmək;
- Yerli və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə davamlı inkişaf və iqlim dəyişikliyi istiqamətində layihələr həyata keçirmək;
- Daha yaşıl, təmiz və dayanıqlı şəhər mühitinin formalaşdırılmasına gənclərin fəal iştirakını dəstəkləmək.
