Skip to content Skip to footer

Qeyri-formal Təhsil

Təhsilin inkişafı “Sağlam Düşüncə” Gənclər Təşkilatının əsas fəaliyyət istiqamətlərindən biridir. Dəyişən dünyanın tələblərinə uyğun olaraq, gənclərin yalnız akademik biliklərlə deyil, eyni zamanda tənqidi düşünmə, ünsiyyət, yaradıcılıq, problem həll etmə və komanda işi kimi bacarıqlarla da inkişaf etməsinə ehtiyac duyulur. Bu məqsədlə təşkilat qeyri-formal təhsil metodlarından istifadə etməklə formal təhsil prosesini tamamlayan və gənclərin potensialını üzə çıxaran öyrənmə imkanları yaradır.

Fəaliyyətlərimizin əsas məqsədi gənclərdə ömürboyu öyrənmə vərdişini formalaşdırmaq, onların fərdi və peşəkar inkişafını dəstəkləmək, eləcə də qeyri-formal təhsil vasitəsilə daha yaradıcı, təşəbbüskar və fəal gənclərin yetişməsinə töhfə verməkdir.

Bu istiqamət çərçivəsində gənclərin intellektual və yaradıcı inkişafını dəstəkləyən müxtəlif proqramlar həyata keçirilir. Debat və intellektual oyunlar, danışıq klubları, masaüstü oyunlar, qrafik hekayələr, komikslər və digər innovativ öyrənmə vasitələri vasitəsilə iştirakçılar həm yeni biliklər əldə edir, həm də onları praktik şəkildə tətbiq etmək imkanı qazanırlar. Bu yanaşma öyrənmə prosesini daha interaktiv, maraqlı və əlçatan edir.

Bu istiqamət üzrə fəaliyyətlərimiz “Təhsil”, “Studio Fikomiks”, Azərbaycan Masaüstü Oyunlar Federasiyası (AMOF)Azərbaycan Kub Assosiasiyası (AKA) komandaları tərəfindən həyata keçirilir və aşağıdakı əsas fəaliyyət sahələrini əhatə edir:

    • Qeyri-formal təhsil metodları vasitəsilə gənclərin bilik, bacarıq və kompetensiyalarının inkişafını dəstəkləmək;
    • Tənqidi düşünmə, ünsiyyət, debat və təqdimat bacarıqlarının inkişafına töhfə vermək;
    • Yaradıcılıq, innovasiya və ömürboyu öyrənmə mədəniyyətini təşviq etmək;
    • İntellektual oyunlar, masaüstü oyunlar və digər interaktiv vasitələrlə öyrənməni daha əlçatan və maraqlı etmək;
    • Komikslər, qrafik hekayələr, podkastlar və digər yaradıcı vasitələrdən istifadə etməklə maarifləndirici məzmunun hazırlanmasını və yayılmasını dəstəkləmək;
    • Gənclərin fərdi inkişafını, liderlik potensialını və ictimai fəallığını gücləndirən təhsil imkanları yaratmaq.
  •