“Sağlam Düşüncə” Gənclər Təşkilatına üzv olmaq istəyirsiniz?
Bunun üçün çox sadə şərtlərimiz var.
- İctimai fəal olmaq,
- Könüllü fəaliyyətdə maraqlı olmaq,
- Öyrənməyə açıq, öyrətməyə həvəsli olmaq
Əgər şərtərimiz sizin üçün məqbuldursa, o zaman təşkilatın NİZAMNAMƏSİ, fəaliyyət istiqamətləri və aşağıdakı üzvlük qaydaları ilə tanış olduqdan sonra müraciət üçün ÜZVLÜK ƏRİZƏSİNİ doldura bilərsiniz.
Üzvlük ərizəsinin son qəbul tarixi: 30 Sentyabr 2024-cu il 23:59
ÜZVLÜYƏ MÜRACİƏT QAYDASI VƏ TƏLƏBLƏR
Yaşı 16-dan yuxarı olan hər bir Azərbaycanlı gənc təşkilata üzvlük üçün müraciət edə bilər. İdarə heyətinin qərarına əsasən 2023-cü ildən etibarən üzvlüyə müraciət üçün ərizə formaları müəyyən bir müddət ərzində toplanacaq, ilkin seçim mərhələsindən sonra namizədlərlə görüş keçiriləcək və üzvlüyə namizədlərin sınaq müddətinə start veriləcək. Müraciətlər əsasında İdarə heyəti ilkin seçim mərhələsindən keçmiş gəncləri ilkin tanışlıq görüşünə dəvət edəcək. Bu görüş zamanı fəal kommunikasiya üçün onlar üzvlərin imeyl və sosial şəbəkə üzərindən olan daxili qruplarına qoşulacaqlar. Üzvlüyə namizədlərə 4 aylıq sınaq müddəti veriləcək və onlar bu zaman kəsiyində tətbiq olunacaq fəaliyyət proqramı ilə tanış olacaqlar. Sınaq müddətində olan şəxslər işləyəcəkləri komandaları seçə və ya istədikləri vaxt başqa komandalara keçə bilərlər.
Sınaq müddətini tamamlamış namizədlər daha sonra müsahibəyə dəvət olunacaq və müsahibə komandasının qərarı ilə namizədlər üzvlüyə ya qəbul olunacaq, ya da imtina olunacaq. Üzvlüyə müsahibədən öncə hazırlanmış qiymətləndirmə formları namizəd və fəaliyyət komandası koordinatoru tərəfindən doldurulacaq. Müsahibə namizədin qoşulduğu fəaliyyət komandası koordinatoru, İdarə heyəti, katiblik və nəzarət təftiş komissiyası nümayəndələrinin (hər birindən azı 1 nəfər olmaqla) iştirakı ilə həyata keçirilir.
Hər bir tamhüquqlu üzvün vəzifə və hüquqları aşağıdakılar kimidir:
TAMHÜQUQLU ÜZVÜN VƏZİFƏLƏRİ AŞAĞIDAKILARDIR;
- Təşkilatın hər bir üzvü onun Nizamnaməsini oxumalı, qaydalarına və dəyərlərinə hörmətlə yanaşmalıdır.
- Üzvlər davamlı kommunikasiya və hesabatlılığı təmin etməli, təşkilatın aylıq və illik keçirilən ümumi iclaslarında və komanda görüşlərində iştirak etməlidirlər.
- Sınaq müddətini tamamlamaq üçün tətbiq edilən fəaliyyət proqramlarında iştirak etməlidirlər
- Hər bir üzv qoşulduğu komandanın işində aktiv fəaliyyət göstərməli, tapşırılan və yaxud öhdəsinə götürdüyü işi vaxıntında yerinə yetirməlidir.
- Üzvlər öz inkişafları üçün komanda daxili bir-biriləri ilə mütəmadi əlaqə saxlamalı, dostluq və işgüzar mühiti qorumalı, o cümlədən təşkilatın işində təşəbbüskarlıq göstərməlidirlər.
- Hər bir üzv təşkilatı və ölkəni həm yerli, həm də beynəlxalq layihələrdə ən üst səviyyədə təmsil etməlidir.
- Üzvlər təşkilat adından yerli və ya beynəlxalq layihələrə müraciət etməzdən öncə İdarə heyəti və Baş Katibi xəbərdar etməli və layihənin detalları barədə məlumat verməlidirlər.
- Üzvlər İdarə heyətinin müəyyənləşdirdiyi illik üzvlük haqqını təyin olunmuş son tarixə kimi ödəməlidirlər. Sınaq müddətini və müsahibəni uğurla tamamlayaraq qəbul olunmuş yeni üzvlər illik üzvlük haqqını 1 ay ərzində ödəməlidirlər.
Qeyd:* Üzvlük haqqı üçün ödəniş 1 illik 36 AZN təşkil edir. Üzvlük haqqı sınaq müddəti bitdikdən və müsahibədən keçdikdən sonra ödənilir.
Qeyd:** Yalnız üzvlər təşkilatı beynəlxalq və yerli tədbirlərdə təmsil etmək hüququna malikdir. Namizədlər heç bir halda təşkilatı referans olaraq göstərə bilməz.
TAMHÜQUQLU ÜZVLƏRİN ƏLDƏ ETDİYİ HÜQUQLAR;
- Tamhüquqlu üzvlər təşkilatın idarəetmə strukturunda vəzifə tuta, seçə və seçilə bilərlər.
- Bir ildən çox təşkilat təcrübəsi olan tamhüquqlu üzvlər Sədrliyə, Baş Katibliyə, Nəzarət Təftiş Komissiyasına və Mühasibliyə, 9 aydan çox təşkilat təcrübəsi olan tamhüquqlu üzvlər İdarə Heyətinə, 6 aydan çox təşkilat təcrübəsi olan tamhüquqlu üzvlər Xəzinədar, İctimaiyyətlə əlaqələr üzrə katib, Üzvlərlə iş üzrə katib vəzifələrinə namizədlik verə bilərlər.
- Tamhüquqlu üzvlər təşkilatı beynəlxalq və ya yerli layihələrdə təmsil edə və ya iştirak üçün onun adından müraciət edə bilərlər. İdarə heyəti və Nəzarət Təftiş Komissiyası üzvün müraciət edəcəyi tədbirin təşkilatın maraqlarına zidd olduğunu və ya reputasiyasına ziyan gətirəcəyini düşündüyü təqdirdə icazə verməmək və ya imtina etmək hüququna sahibdir.
- Tamhüquqlu üzvlər beynəlxalq və ya yerli layihələrə müraciət edərkən təşkilatdan tövsiyə məktubu istəyə bilərlər.
- Tamhüquqlu üzvlərin yalnız üzvlər üçün nəzərdə tutulan təşkilatdaxili tədbirlərdə iştirak etmək hüququ var.
- Tamhüquqlu üzvlər qrant və ya tender proqramlarına icazə almaq şərtiylə təşkilatın adından beynəlxalq və ya yerli layihə təşəbbüsləri ilə müraciət edə bilərlər.
- Üzvlər təşkilatın daxili elektron şəbəkələrinə qoşula, oradan mütamadi olaraq yeni məlumatlar və xəbərlər ala bilərlər.
ÜZVLÜYƏ NƏ ZAMAN XİTAM VERİLƏ BİLƏR
- Üzvün öz istəyi ilə;
- Üzv göstərilən son ödəmə tarixinədək son iki ildə üzvlük haqqını ödəmədikdə;
- Üzv təşkilatın Nizamnaməsinə zidd hər hansısa bir davranış etdikdə;
- Üzv mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
- Təşkilatın daxili nizam-intizam qaydalarını ciddi şəkildə pozduqda (Bu halda üzvlük haqqı geri ödənilmir).
“Sağlam Düşüncə” mənə gəncliyimin ən gözəl, məhsuldar və inkişaf dolu illərini verdi. Təşkilatın indiki Könülün formalaşmasında çox böyük rolu var. İlk xarici səfərim, beynəlxalq tədbirdə iştirakım, təlimçilik addımlarım təşkilatın sayəsində gerçəkləşdi. Bu birlik mənə çalışıb nail ola bilməyəcəyim heç nəyin olmadığını öyrətdi, və dünyaya eyni dəyərlər prizmasından baxan dostluqlar qazandırdı.
Necə üzv ola bilərsiniz?!
Bu ərizə formu Sağlam Düşüncə Gənclər Təşkilatında üzv olmaq üçün 3 mərhələli müraciət prosesinin ilkin addımıdır. İlk mərhələdə bu ərizəni 20-30 sentyabr 2024-cü il aralığında dolğun şəkildə doldurmuş namizədlərin müraciətlərinə baxılacaq. Aprel ayında 1-ci müsahibə mərhələsi üçün rəsmi imeyllər sadəcə seçilən namizədlərə göndəriləcək. Ərizə formunu düzgün və dolğun şəkildə doldurmayan namizədlər ilkin seçim mərhələsindən keçə bilməyəcəklər.
Uyğun müraciətlər seçildikdən sonra 2-ci mərhələdə 20-30 oktyabr tarixlərində tanışlıq üçün müraciətçilər qrup şəklində Sumqayıtdakı ofisimizə dəvət olunacaqlar. Daha sonra namizədlər üçün 1 noyabr 2024-cü il tarixindən etibarən 4 aylıq sınaq müddəti başlayacaq və bu zaman kəsiyində tətbiq olunacaq proqramla tanış olmaq və fəallıq göstərmək imkanı əldə edəcəklər.