BEYNƏLXALQ GƏNCLƏR MÜBADİLƏSİ

“Sağlam Düşüncə” Gənclər Təşkilatı 2008-ci ildən Azərbaycanlı gənclərin beynəlxalq təcrübə mübadiləsini təmin etmək və gənclər sahəsində əldə edilən uğurlu beynəlxalq təcrübənin öyrənilməsi üçün beynəlxalq əlaqələrini genişləndirir. Hazırda SDGT Azərbaycanda ən geniş beynəlxalq əlaqələri olan gənclər təşkilatıdır. Eyni zamanda Təşkilat 2014-cü ildən Youth Express Network (Y-E-N) və 2017-ci ildən etibarən Youth and Environment Europe (YEE) Avropa şəbəkələrinin tam hüquqlu üzvüdur.

Youth Express Network (Y-E-N) 

Şəbəkənin əsas məqsədi Avropada gənclərin, onların ehtiyacları və iştirakının tanındığı və yüksək qiymətləndirildiyi inklüziv bir cəmiyyət formalaşdırmaqdır. Şəbəkə 22 Avropa ölkəsindən 32 Gənclər təşkilatını birləşdirir. 2016-cı ildən Sağlam Düşüncə Gənclər Təşkilatı şəbəkənin idarə heyətində təmsil olunur. 

Youth and Environment Europe (YEE) 

Təbiəti öyrənən və ətraf mühitin qorunmasında fəal iştirak edən Avropa gənclər təşkilatlarının bir platformasıdır. Şəbəkəyə 26 Avropa ölkəsindən üzv olan 47 Gənclər təşkilatı var. YEE-nin məqsədi gəncləri ətraf mühitin qorunmasına cəlb etmək və üzv təşkilatların birlikdə işləyə biləcəyi bir platforma ilə təmin etməkdir.

“Sağlam Düşüncə” Gənclər təşkilatının nümayəndələri 2006-cı ildən bəri 55-dən çox ölkədə təşkil edilən 270-dən çox beynəlxalq təlimdə, konfransda, seminarda və festivallarda Azəbaycanı təmsil etmişdir. 

Təşkilat əsasən Azərbaycan gəncləri üçün imkanları yaradılması istiqamətində Avropa İttifaqı və Avropa Şurasının Gənclər üçün proqramları çərçivəsində 50-dən çox ölkədən müxtəlif gənclər təşkilatları ilə əməkdaşlıq edir. 

SDGT Beynəlxalq Gənclər Mübadiləsini əsasən iki proqram çərçivəsində aparır: Erasmus+ Gənclik (köhnə adı ilə Youth in Action) proqamı və Avropada Həmrəylik Korpusu. (European Solidarity Corps – köhnə adı ilə European Volunteery Service – EVS). Təşkilat daxilində bu  proqramlarla işdə böyük komanda fəaliyyət göstərir. Bu komanda əməkdaşlığın təmin edilməsi, layihələrin yazılması, könüllülərin layihələrə seçilməsi və hər cür dəstəklə təmin olunması, beynəlxalq layihələrin davamı olaraq yerli layihələrin həyata keçirilməsi və digər əlaqəli vəzifələrin həyata keçirilməsi ilə məşğul olur.

“Sağlam Düşüncə” Gənclər Təşkilatı SALTO–nun Şərqi Avropa və Qafqaz ölkələri üzrə Resurs Mərkəzinin (SALTO EECA) elan etdiyi müsabiqənin qalibi olaraq Erasmus+ Gənclik  və Avropa Həmrəylik Korpusu proqramlarının 2019 və 2020-ci il üçün Azərbaycanda Məlumat Mərkəzi seçilmişdir. 2017-ci ildən bəri Şərq tərəfdaşlığı ölkələri və Rusiyada fəaliyyət göstərən Məlumat Mərkəzlərinin əsas məqsədi Erasmus+ Gənclik  və Avropa Həmrəylik Korpusu çərçivəsində gənclər və gənclər təşkilatlarının imkanları barədə məlumat vermək və onlara layihələrinin həyata keçirilməsində dəstək olmaqdır.

2017-ci ildən bəri hər il SALTO EECA tərəfindən elan edilən müsabiqə yolu ilə Şərq tərəfdaşlığı ölkələri və Rusiyadan 1 gənclər təşkilatı seçilir və ERASMUS+ Gənclik və Avropa Həmrəylik Korpusu proqramları üzrə yerli səviyyədə Məlumat Mərkəzinin koordinasiyasını həyata keçirir.

2019-2020-ci illər üçün hazırlanan fəaliyyət planı əsasında “Sağlam Düşüncə” Gənclər Təşkilatı Məlumat Mərkəzi olaraq müxtəlif regionların Gənclər Evləri və Mərkəzlərində, ali təhsil müəssisələrində seminarlar, sosial media hesabları üzərindən online məlumat sessiyaları, webinarlar və digər maarifləndirici tədbirlər həyata keçirir. Əlavə olaraq Məlumat Mərkəzi gənclər və gənclər təşkilatlarının nümayəndələrinə konsultasiya xidməti göstərir.

Erasmus30 ilə yaxın müddətdir ki, Avropa İttifaqının maliyyələşdirdiyi və artıq 3 milyondan çox gəncə töhfə vermiş gənclik proqramıdır. Erasmus+ hər kəs üçün  ̶  tələbələrə, işçi heyətinə, təlimçilərə, müəllimlərə və könüllülərə bir çox imkanlar yaradır.

Erasmus+ proqramının müxtəlif açar fəaliyyətləri mövcuddur ki, onlar da müvafiq sahələrdə proseslərin icrasını təmin edir. 

 

Birinci Açar Fəaliyyət (Key action 1)
  • Gənclər mübadiləsi 21 günə qədər müddətdə ən azı iki müxtəlif ölkədən olan gənclər qruplarına görüşmək və birlikdə vaxt keçirmək imkanı verir. Gənclər mübadiləsi zamanı qrup liderləri tərəfindən müşayiət olunan iştirakçılar əvvəlcədən hazırlanmış fəaliyyət proqramını (seminarlar, fiziki fəaliyyətlər, debatlar, rol oyunları, simulyasiyalar, açıq hava fəaliyyətləri və s.) həyata keçirirlər. Mübadilə gənclərə bacarıqlarını artırmaq, sosial əhəmiyyətli mövzulardan xəbərdar olmaq, əsasən həmyaşıd öyrənmə yolu (peer to peer) ilə yeni mədəniyyətlər, vərdişlər və həyat tərzləri kəşf etmək, həmrəylik, demokratiya, dostluq və s. kimi dəyərləri gücləndirmək imkanı verir. Gənclər mübadiləsinin öyrənmə üsulu qeyri-rəsmi təhsil metodundan qaynaqlanır.Gənclər mübadiləsi iki və ya daha artıq Avropa İttifaqına daxil yaxud digər ölkələrdən olan iştirakçı təşkilat arasındakı beynəlxalq əməkdaşlığa əsaslanır.
  • Təlim kursları gənclər sektorunda çalışan işçilərin beynəlxalq seminarlar, tədbirlər, təhsil ziyarətləri və s. kimi fəaliyyətlərin həyata keçirilməsi və ya xaricdə iş/müşahidə müddətləri kimi fəaliyyətlərlə peşəkar inkişafını dəstəkləyir. Bütün bu fəaliyyətlər layihədə iştirak edən təşkilatlar tərəfindən tənzimlənir. Gənclər sektorunda çalışan işçilərin bu cür layihələrdə iştirakı onların təmsil etdiyi təşkilatlarının potensialının artırılmasına kömək etməli və gənclərlə gündəlik işlərinə effektiv təsir göstərməlidir.


İkinci Açar Fəaliyyət (Key action 2)

Strateji Tərəfdaşlıqlar təhsil, təlim və gənclik sahələrində fəaliyyət göstərən təşkilatlara, eləcə də müxtəlif sosial-iqtisadi sektorlarda fəaliyyət göstərən müəssisələrə, dövlət orqanlarına, vətəndaş cəmiyyəti təşkilatlarına innovativ təcrübələri öyrənmək və tətbiq etmək üçün əməkdaşlıq  etmək imkanı yaradır.

 

Üçüncü Açar Fəaliyyət (Key action 3)

Siyasi islahatları dəstəkləyən fəaliyyətlər Avropa siyasi agendalarının, xüsusilə 2020-ci il Avropa Strategiyasının təhsil və təlimdə Avropa əməkdaşlığı üçün strateji çərçivəsinin (ET2020) və Avropa Gənclər strategiyasının məqsədlərinə çatmaqda dəstək rolunu oynayır.
Gənclər dialoqu layihələri yanaşı, Üçüncü Açar Fəaliyyət təhsil, təlimlər və gənclər sahəsində Avropa Komissiyası tərəfindən aparılan bir sıra islahatları dəstəkləyir.

 

Erasmus+ -ın qarşıya qoyduğu əsas hədəflər:

  • Gənclər və məhdud imkanlı şəxslərin bacarıqlarını və səriştələrini yüksəltmək;
  • Demokratik fəaliyyət, fəal vətəndaşlıq, mədəniyyətlərarası dialoq, sosial inteqrasiya və həmrəyliyi təşviq etmək;
  • Gənclər təşkilatları arasındakı əməkdaşlığı gücləndirmək;
  • Qeyri-formal təhsil sistemini tanıtmaq və inkişaf etdirmək;
  • Gənclik fəaliyyətinin beynəlxalq ölçüsünü artırmaq.
Təşkilatın Erasmus+ da rolu

“Sağlam Düşüncə” Gənclər Təşkilatı beynəlxalq sahədə tanınmış və fəal təşkilatlardan biridir. Təşkilat olaraq hər il əməkdaş təşkilatların layihələrində fəal iştirak edir və Azərbaycanlı gənclərə beynəlxalq layihələrdə iştirak imkanı yaradırıq. Erasmus+ ilə bağlı layihələr mütəmadi olaraq təşkilatın rəsmi səhifəsində və saytında elan olunur. Layihələrə seçim təşkilat tərəfindən aparılır və 2 hissədən ibarətdir: Ərizə ilə müraciət eymiş uğurlu namizədlər onlayn müsahibəyə dəvət edilir. Seçilmiş gənclərlə layihədən əvvəl hazırlıq görüşü təşkil edilir və lazimi dəstək göstərilir.

“Sağlam Düşüncə” Gənclər Təşkilatı Azərbaycanda da bu proqram çərçivəsində fəal olaraq müxtəlif mövzularda layihələr həyata keçirir. 

 

Avropa Həmrəylik Korpusu (European Solidarity Corps) gənclərin özünü inkişaf etdirmək, müəyyən mövzular üzrə ilkin məlumatlar əldə etmək və Avropanın yaratdığı imkanlardan faydalanmaq üçün yaradılmış uzun və qısa müddətli gənclər proqramıdır. Bu proqram əsasən 3 fəaliyyət istiqamətindən ibarətdir, Azərbaycan gəncləri isə bu proqramın yalnız könüllülük istiqaməti üzrə layihələrinə qoşula bilir.

2018-ci ildən etibarən Avropada könüllülük layihələri Avropa Həmrəylik Korpusu proqramı çərçivəsində təşkil edilir. Avropa Həmrəylik Korpusu özündə bir neçə komponenti birləşdirən Avropa İttifaqının proqramıdır. Məqsədi gənclər arasında həmrəyliyi təbliğ etmək, demokratiya və vətəndaşlıq mövqeyinin möhkəmləndirilməsinə töhfə vermək, gənclərin könüllülük fəaliyyətlərinə marağını artırmaqdır.

Məqsədlər:

  • İştirakçı təşkilatların köməyi ilə könüllülərin bacarıqlarını, fərdi, mədəni, peşə, sosial, vətəndaşlıq, təhsil səriştələrini inkişaf etdirmək;
  • Avropa Həmrəylik Korpusu iştirakçılarına təklif olunan həmrəylik fəaliyyətlərinin yüksək səviyyədə olmasını və Avropa Həmrəylik Korpusunun prinsiplərinə hörmət göstərilməsini təmin etmək;
  • İnklüziv cəmiyyətin yaradılmasına dəstək göstərmək.

Avropa Həmrəylik Korpusu çərçivəsində təşkil edilən könüllülük layihələri iki fərqli formatda olur

  • Fərdi könüllülük: Fərdi Könüllülük 2 aydan 12 aya qədər layihələrdir. Fəaliyyət zamanı könüllülərə təşkilat daxilində layihənin mövzusuna uyğun olaraq fayda vermək imkanı yaradır. Fərdi könüllülük özü də iki qrupa bölünür: qısamüddətli ( 2 həftədən 59 günə qədər) və uzunmüddətli (59 gündən 1 ilə qədər). Müvafiq əsaslandırılmış hallarda, xüsusən məhdud imkanlı gənclərin iştirakını təşviq etmək üçün fərdi könüllülük layihələri 2 həftdən – 2 aya qədər də təşkil edilə bilər. Qeyd edək ki, hər bir gəncin (18-30 yaş aralığı) uzunmüddətli layihədən yalnız 1 dəfə yararlanmaq imkanı var. Həmçinin ilk dəfə qısamüddətli  layihədə iştirak edib daha sonra uzunmüddətli layihəyə müraciət etmək imkanı da yaradılır ki, bu da ümumilikdə iki dəfə proqramdan yararlanmaq şansı deməkdir. Layihə zamanı bütün xərclər qarşılanır. Bundan əlavə iştirakçıya aylıq xərclərini qarşılamaq üçün ölkənin yaşam şəraitindən asılı olaraq maddi təminat da verilir. Layihəyə qatılmaq üçün iştirakçıdan əlavə heç bir iştirak haqqı tələb olunmur.
  • Komanda könüllülüyü: Ən azı 2 ölkədən gələn 10-40 arası iştirakçıdan ibarət komandaların 2 həftə ilə 2 ay arasında bir müddət birlikdə fəaliyyət göstərməsinə imkan yaradan həmrəylik fəaliyyətidir. Bu cür həmrəylik fəaliyyətləri, xüsusən məhdud imkanlı gənclərin Avropa Həmrəylik Korpusuna daxil edilməsinə kömək edir. 18-30 yaş arası gənclər istənilən qədər komanda könüllülüyü layihələrinə qatıla bilərlər.

Təşkilatın rolu

Təşkilat olaraq bu proqramda 2015-cı ildən bəri  könüllülərin mübadiləsi istiqamətində fəaliyyət göstəririk və gənclərə bu proqramdan maksimum dərəcədə yararlanmasına şərait yaradırıq. Təşkilatın könüllü göndərmək və qəbul etmək üçün akkreditasiyası mövcuddur. Layihələr barədə məlumatı vaxtaşırı olaraq təşkilatın rəsmi saytında və sosial mediya hesablarımızda paylaşırıq. İştirakçıları layihələrə qəbul edən təşkilat seçir. Sonrakı mərhələdə isə göndərən təşkilat olaraq könüllüyə təmənnasız visa, sığorta, ilkin təlim və digər dəstəyi göstəririk. Bu proqram çərçivəsində gənclər istədikləri Avropa ölkəsində özlərində inkişaf etdirmək istədikləri sahəni seçərək CV və istək məktublarını göndərməklə müraciət edə bilərlər. CV və istək məktubu Youth Portaldan qeydiyyatdan keçdikdən sonra profildə yerləşdirilir. Proqrama daxil olan layihələri tapmaq üçün European Youth Portal-a daxil olaraq qeydiyyatdan keçdikdən sonra Azərbaycanlı gənclərin iştirak edə biləcəyi layihələri araşdıra bilərsiniz. Portalda qeydiyyatdan keçməkhesabınızı zənginləşdirib layihələrə müraciət etmək haqqında təlimat videoları ilə tanış ola bilərsiniz.