Tiryəkdən daha çox asılılıq yaradan siqarət hər il dünya iqtisadiyyatına 200 milyard dollar ziyan vurur. Hər il minlərlə passiv siqaret çəkən siqaret tüstüsünün verdiyi zərərlər nəticəsində xəstələnərək, həyatını itirməkdədir. Siqaret dumanına çox məruz qalan insanlarda, mikro infakt keçirmə və ağciyər xərçəngi olma riski artır. Bunları nəzərə alan “Sağlam Düşüncə” Gənclər Təşkilatı 2009-cu ildən etibarən “TÜTÜNƏ YOX!” maarifləndirmə Kampaniyasına start vermişdir.

Məqsədi ictimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılması haqqında ictimai fikrin formalaşdırılması, passiv (ikincili) siqaret çəkmə və tütünün zərərləri haqqında əhalinin maarifləndirilməsi olan kampaniya çərçivəsində ikincili siqaret çəkmənin və tütünün zərərləri haqqında seminarlar, təlimlər, velo-yürüşlər və mədəni-kütləvi tədbirlər təşkil edilir. Təşkilatımız həmçinin Azərbaycan Tütünlə Mübarizə Koalisiyasinın daimi üzvüdür. Koalisiyanın üzvləri sırasında Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, İctmai Səhiyyə və İslahatlar Mərkəzi, Ombudsman aparatı, Millət Vəkilləri və başqa maraqlı tərəflər var. Koalisiyanın işi çərçivəsində “Azərbaycan Respublikasının 2011-2015-ci illər üçün Tütünlə Mübarizə üzrə Milli Strategiyası”“Siqaretçəkmənin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanun Layihəsi kimi sənədlər hazırlanıb müvafiq olaraq Nazirlər Kabinetinə və Milli Məclisə təqdim olunmuşdur.

2010-cu ildən etibarən hər il 31 may “Ümumdünya Tütünlə Mübarizə Günü” ilə əlaqədar 01-31 may tarixlərində “Sağlam Düşüncə” Gənclər Təşkilatı və “Təbiət Dostları” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “TÜTÜNSÜZ AY” aksiyası təşkil olunur. Müxtəlif vaxtlarda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “ASAN Könüllülər” Gənclər Təşkilatı, MADO Azərbaycan, Day.az və Gənclərin Səsi Radiosu aksiyanın tərəfdaşı olmuşdurlar. Bu aksiya Bakı, Gəncə və Sumqayıt şəhərlərində təşkil olunan Velo-yürüşlər, seminarlar, info-sessiyalar, bədii film nümayişləri və başqa kütləvi tədbirlərlə 2000-dən çox gənci əhatə edib.

Kampaniyanın əsas fəaliyyət istiqaməti məlumatlandırma və maarifləndirmə olduğundan “TÜTÜNSÜZ AY” çərçivəsində ən təcrübəli mütəxəssislər vasitəsilə seminarlar və informasiya sessiyaları təşkil olunur. Seminarlarda məlumatlar interaktiv üsullarla təqdim edilir, video materiallar göstərilir və nikotinin vurduğu ziyanlar əyani şəkildə nümayiş etdirilir.