DEBAT HAQQINDA

Debat yeni dostlar, fərqli ünsiyyətlər, geniş əlaqələr yaradan intellektual əyləncə və təhsil proqramıdır. Debat formal və qeyri – formal olaraq iki hissəyə bölünür. Bunlar formal və qeyri-formal debatlardır. Gündəlik həyatdakı debatlarımız qeyri-formal debatlardır. Formal debat isə qeyri-formal debatın qaydalarla tənzimlənmiş formasıdır. Natiqin nitqi xüsusi tələblər əsasında qurulur. Formal debat aktual məsələlər üzərində qurulur və həmin mövzu üzərində fikir mübadiləsi aparılır. Bu zaman bir birinə əks olan iki mövqe yaranır : təsdiqedici və inkaredici mövqe. Debat cəmiyyətdə gedən ictimai – sosial proseslərə ətraf mühitə müxtəlif nöqteyi – nəzərdən baxmağı , biliklərə və ideyalara şübhə ilə yanşmağı , onların əsasında yeni baxışlar, biliklər yaratmağı , arqumentləri məntiqi qurmağı və üçüncü tərəfi öz mövqeyinə inandırmağı öyrədir.

DEBAT BİZƏ NƏ QAZANDIRIR ?

  • Araşdırma bacarığı.
  • Auditriya qarşısında sərbəst çıxış etmək
  • Məntiqi təfəkkürün inkişafı
  • Fikri düzgün çatdırmaq bacarığı
  • İnandırma və Təqdimetmə bacarığı

DEBAT TARİXİ

Debat ənənəsi Qədim Yunanıstandan başlayır. Orta əsrlərdə isə Avropa, xüsusi ilə İngiltərədə debat geniş yayılmağa başladı. Artıq Debat öz sabit yerini təhsil sistemində tutur. İndi “Debat” dünyanın bir çox inkişaf etmiş ölkələrinin məktəb və universtetlərində Təhsil proqramı kimi tədris edilir.

DEBATIN DÖRD PRİNSİPİ

  1. Öyrənməyi öyrənmək – hər bir mövzu araşdırılır və bu mövzular haqqında informasiyalar əldə olunur. Nəticədə araşdıran insan öyrənmiş olur və araşdırmağı öyrənir. Bu isə öyrənməyi öyrənməkdir.
  2. Aydınlıq – deyilən fikri, sübutu aydın, sadə dildə söyləmək lazımdır.
  3. Düzgünlük – inandırmaq, üstün gəlmək naminə yalnış, özündən qurulmuş məlumatlara, fikirlərə əsaslanmaq olmaz.
  4. Hörmət – rəqib tərəfə hörmət, müxtəlif fikirlərə, rəylərə, verilən qiymətlərə dözümlük; tənqid yox, dinləyib, təhlil etmək “zəif” yerləri tapmaq və diqqətini onlara cəlb etmək; rəğib tərəfinin çıxışını axıra qədər dinləmək, sözünü kəsməmək, təhqiredici çıxışlara yol verməmək, şəxsiyyətə toxunmamaq və s. debatda hörmət prinsipinin əsasını təşkil edir.
“Debat” Təhsil Proqramının məqsədi vətəndaşları, xüsusi ilə gəncləri, sadəcə olaraq, mübahisələrə deyil, problemlərin müzakirəsinə və onların həlli yollarının müəyyənləşdirilməsinə cəlb etməkdir.